Yeni Zelandiya Təhsili

26 May 2018

Yeni Zelandiya Təhsili

Əlaqə

Yeni Zelandiya Sakit okeanın cənub-qərbində yerləşən çoxsaylı adalardan ibarət ölkədir. Təhsil sistemi müasir tələblər səviyyəsində inkişaf edən ölkədə olduqca keyfiyyətli və etibarlı bir təhsil mühiti yaradılıb. Məktəbəqədər təhsil könüllülük prinsipinə əsaslansa da, 6-16 yaşlı uşaqlar ödənişsiz və icbari təhsilə cəlb olunur. Ölkədə ibtidai, ümumi orta və tam orta təhsil verən məktəblər fəaliyyət göstərir. Tam orta təhsil müddəti 13 il davam edir. Tədris ili ibtidai, orta və politexnik təhsil müəssisələrində (texniki peşə təhsili müəssisələri) bir qayda olaraq, yanvarın sonundan dekabrın ortalarına  qədər davam edir. Universitetlərdə isə fevralın sonundan noyabrın ortalarına qədər tədris aparılır. Yeni Zelandiyanın kollec və universitetləri beynəlxalq arenada kifayət qədər tanınır. Odur ki, ölkənin kollec və universitetlərinə əcnəbi tələbələrin qəbul göstəricisi ilbəil yüksəlir. Ölkədə təhsil sisteminin formalaşmasına Böyük Britaniyanın təhsil modeli də təsir göstərib. İstənilən ali məktəbə daxil olmaq üçün ingilis dilini bilmək əsas şərtlərdən biri kimi irəli sürülür. Qeyd etdiyimiz kimi Yeni Zelandiyada təhsilin keyfiyyəti olduqca yüksəkdir. Ölkədə fəaliyyət göstərən ali məktəblərdə demək olar ki, bütün ixtisaslara yiyələnmək mümkündür. Yeni Zelandiyada Oklənd Texnologiya Universiteti, Texnologiya Mərkəzi İnstitutu, Linkoln Universiteti, Otaqo Universiteti, Vaikato Universiteti, Velinqton Viktoriya Universiteti, Təsviri İncəsənət və Dizayn Vaytklif Kolleci, Santerbori Universiteti  və digər ali məktəblər fəaliyyət göstərir. Bu tədris ocaqlarında sənət, sənətşünaslıq (Linkoln Universiteti istisna olmaqla), elm və kommersiyanın (ticarətin) müxtəlif istiqamətləri, eləcə də digər sahələr üzrə təhsil təklif edilir. Ölkədə ümumi təhsil xərclərinin 81%-i dövlət tərəfindən maliyyələşdirilir. Odur ki, dövlət məktəblərində təhsil haqqı rəmzi xarakter daşıyır. Bəzi sahələr üzrə bakalavr dərəcəsi proqramları 4 il davam edir. Məsələn, mühəndislik və digər uyğun ixtisaslar bu sıraya daxildir. Magistr dərəcəsini 2 illik proqramlar vasitəsi ilə almaq mümkündür. Bu təhsil pilləsində akademik fənləri öyrənməklə yanaşı, tələbələrdən ixtisas sahəsində araşdırma (tədqiqat işi) aparmaq da tələb olunur. Doktorantura pilləsində təhsil müddəti bir qayda olaraq 3 ildir. Məzunlar kursu bitirdikdən sonra tədqiqat və ya dissertasiya işini müdafiə edirlər.Əcnəbi tələbələr ölkədəki lisey, kollec, texniki məktəb və universitetlərdə təhsil almaq, dil kurslarında oxumaq imkanlarına sahibdirlər. Ali təhsil səviyyəsinin yüksək olması və universitetlərin zəngin maddi-texniki bazasının mövcudluğu Yeni Zelandiyaya əcnəbi tələbə axınının artmasına yol açır. Ölkədə fəaliyyət göstərən bütün ali məktəblərdə elmi tədqiqatlara xüsusi diqqət yetirilir və hər il bu məqsədlərlə yüz milyonlarla dollar vəsait xərclənir. Təhsil prosesində əsasən tətbiqi istiqamətə üstünlük verilir. Qeyd etdiyimiz kimi, istənilən təhsil pilləsində oxuyan tələbələrin tədqiqat mövzuları üzərində çalışmasına imkan yaradılır. Odur ki, ali məktəb tələbələrinin böyük əksəriyyəti bakalavr və magistr təhsilindən sonra doktorantura pilləsinə üz tutur. Buda ölkədə təhsilə olan maraqdan irəli gəlir. Universitetlərin əksəriyyətində əcnəbi tələbələr üçün müxtəlif təqaüd proqramları təklif edilir. Sevindirici haldır ki, Yeni Zelandiyanin təhsil müəssisələrində Azərbaycanlı tələbələr də təhsil alır, Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyəti fəaliyyət göstərir.  

© 2020 SNG, All Rights Reserved.